BAKIDA MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ SOSİAL SİYASƏT VƏ İNSAN HÜQUQLARI DAİMİ KOMİSSİYASININ BİRGƏ İCLASI KEÇİRİLİR
AzerTAg.az
Oktyabrın 28-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının birgə iclası başlanmışdır. İclas MDB ölkələrində insan hüquqları və bioloji-tibbi tədqiqatlar aparılarkən dərmanların müyəssərliyi məsələlərinə həsr edilmişdir. İclas və onun çərçivəsində keçirilən beynəlxalq konfrans Avropa Komissiyasının tibbi tədqiqatların etikası komissiyasının, MDB ölkələri etika komitələri forumunun, Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə təşkil olunmuşdur.
İclas başlanmazdan əvvəl iştirakçılar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini ehtiramla andılar.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə iclası təbrik sözü ilə açdı. O dedi ki, elmin tibbi, bioloji və fənlərarası sahələrinin indiki vəziyyəti insan hüquqları və azadlıqlarının müdafiəsinin yeni, daha dərin cəhətlərini aktuallaşdırır. Beynəlxalq hüquq normaları bioloji təbabətdə insanların təhlükəsizliyinin, şəxsiyyətin mənafelərinin elmi, dövlət və korporativ mənafelərdən qeyd-şərtsiz üstün olduğunu müəyyənləşdirir.
Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyası insan hüquqları daimi komissiyasının və etika komitələri forumunun iclası Bakıda keçirmək təşəbbüsünə yüksək qiymət verərək, bu tədbirin Azərbaycan üçün də aktuallığını vurğuladı. Belə ki, bioloji təbabət etikası problemləri ölkəmizdə praktik əhəmiyyət kəsb edir. Erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar ölkəmiz qəsb edilmiş ərazilərdə girov götürülmüş vətəndaşlarımızla vəhşicəsinə rəftar faktları ilə qarşılaşmışdır.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə Nazirliyi kollegiyasının adından təbrik sözü ilə çıxış edərək dedi ki, yeni diaqnostik, müalicə və profilaktika vasitələri və metodlarının öyrənilməsi insanın morfologiyası, fiziologiyası və psixologiyasına dair yeni biliklər alınması məqsədi ilə insanın iştirakı ilə aparılan biotibbi tədqiqatlar qanunvericilik aktlarına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına müvafiq surətdə həyata keçirilməlidir.
Akademik Əhliman Əmiraslanov bioetika, elm etikası və texnologiyalar üzrə Azərbaycan Milli Komitəsinin sədri akademik Cəlal Əliyevin adından iclas iştirakçılarını təbrik edərək bildirdi ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmuş 20 faizində tibbi-bioloji laboratoriyaların yaradılması problemi respublikanın elmi ictimaiyyətini xüsusilə narahat edir. Akademik demişdir: “Bizdə işğal olunmuş ərazilərdə dəhşətli biznes - transplantasiya olunmuş insan orqanlarının satışı barədə məlumat vardır. Donorların azərbaycanlı əsirlər - mülki şəxslər olduğunu sübut etməyə ehtiyac varmı?”
İclas iştirakçıları qeyd etdilər ki, molekulyar biologiya, biokimya, insan irsiyyəti ilə manipulyasiyaetmə imkanları get-gedə artan genetika, gen terapiyası, klonlaşdırma sahəsində biliklərin daim təkmilləşdirilməsi bioetika məsələlərini ön plana çəkir.
Oktyabrın 30-da öz işini başa çatdıracaq iclasda və konfransda biotəbabət araşdırmaları sahəsində son nailiyyətlər, Birlik ölkələrinə ixrac olunan genetik dəyişikliklərə uğramış ərzaq məhsullarının istehlakı nəticəsində yarana biləcək mümkün ekoloji fəsadlar və xəstəliklər müzakirə olunacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var