ELM VƏ TƏHSİL
BALAKƏN RAYONUNDA ERAMIZDAN ƏVVƏL XII ƏSRƏ AİD ƏMƏK ALƏTLƏRİ TAPILMIŞDIR
Bakı, 30 yanvar (AZƏRTAC). Balakən rayonunun Katex kəndi ərazisində obsidiandan, yəni vulkanik şüşədən hazırlanan mikrolitlər tapılmışdır.
Mikrolitlər eramızdan əvvəl XII əsrdən başlayaraq dəmir dövrünə qədər ibtidai insanların istifadə etdikləri kiçik ölçülü, mükəmməl əmək alətləri hesab olunur. Həmin dövrdə vulkanik şüşədən ox ucları, bıçaq, eləcə də ibtidai cərrahiyyə alətləri düzəldilmişdir.
Katex kəndində təxminən 20 hektar ərazidə xeyli sayda belə ibtidai alətlərin tapılması burada qədim dövrdən insanların yaşadığını sübut edir.
Mikrolitlərin tapıldığı əraziyə yaxın yerdə hicri təqvimi ilə 1315-ci ildə tikilən türbə binasının divarlarına qoyulan daşlar üzərində ibtidai insanlara aid olduğu şübhə doğurmayan piktoqrafik yazılar və əsasən ov səhnələrinin təsvir olunduğu piktoqramlar da vardır. Piktoqramların daşlara türbənin divarları hörüləndən sonra, yoxsa əvvəl həkk olunduğunu aydınlaşdırmaq, eləcə də mikrolitlər barədə daha dəqiq məlumatlar əldə etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət olunmuşdur.