REGİONLAR
BƏRDƏ PAMBIQÇILARI ÇİYİD SƏPİNİNƏ BAŞLAMIŞLAR
Respublikamızın ən böyük pambıq istehsalçısı olan Bərdə rayonunda çiyid səpininə hazırlıq başlanmışdır. Sahələrə kifayət qədər səpin aqreqatı, malaçəkən, traktor çıxarılmışdır.
“Qarabağ-Pambıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Qabil Süleymanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, son illərdə rayonda pambıqçılığın inkişafına diqqət artırılmış, əkin sahələri genişləndirilmişdir. Ötən il 16 min 800 ton məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 8 min ton çoxdur. Səhmdar cəmiyyəti bu il 1315 fermer və torpaq mülkiyyətçisi ilə müqavilə bağlamış, 41540 hektar sahəyə çiyid səpməyi nəzərdə tutmuşdur. Fermer təsərrüfatları və torpaq mülkiyyətçiləri toxum, gübrə, səpin aqreqatları ilə təmin olunmuşdur. Qısa müddətdə 1200 hektardan çox sahəyə çiyid səpilmişdir. Sahələrə, əsasən, “Anten”, “Ağ qızıl”, “30-38”, “Muğan-395” sortları əkilir.