İDMAN
BAŞA ÇATMAQDA OLAN İLDƏ AZƏRBAYCAN İDMANÇILARI REKORD SAYDA MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 28-də Yaxt-klubda keçirilmiş təntənəli qəbulda ilin ən yaxşı idmançılarının, məşqçilərinin, hakimlərinin və idman jurnalistlərinin adları elan edilmişdir.
Qəbulda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, 2007-ci ildə Azərbaycan idmançıları ölkəmiz dövlət müstəqilliyi əldə edəndən sonrakı dövr üçün rekord sayda – 452 medal qazanmışlar. Bütün bu uğurlar ölkə prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmançılar üçün yaratdığı şərait sayəsində əldə edilmişdir. Dekabrın 27-də MOK-un inzibati binasında keçirilmiş mərasində Azərbaycanda idmanın inkişafında böyük rol oynamış idmançıların, məşqçilərin və idman mütəxəssislərinin təltif edilməsi dövlətimizin başçısının idmana qayğısının daha bir nümunəsidir.
Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdi. O, dekabrın 27-də MOK-da Azərbaycan Prezidenti, MOK-un rəhbəri İlham Əliyevin ölkəmizin idman ictimaiyyəti ilə görüşündən söhbət açdı, həmin görüşdə idmançıların, idman veteranlarının və məşqçilərin böyük bir qrupuna mənzil orderlərinin, qiymətli hədiyyələrin təqdim edildiyini vurğuladı. Çingiz Hüseynzadə qeyd etdi ki, başa çatmaqda olan ilin idman sahəsində ən mühüm hadisəsi ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin Olimpiya oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsidir.
Qəbulda ilin ən yaxşı idmançılarının adları elan edildi: Fərid Mansurov (yunan-Roma güləşi), Samir Məmmədov (boks), Çamsuvalvara Çamsuvalvarayev (sərbəst güləş), Təvəkkül Bayramov (taekvondo), Elnur Məmmədli (cüdo), Rafael Ağayev (karate), Eldar Qazıbəyov (kikboksinq), Şəhriyar Məmmədyarov (şahmat), Aliyə Qarayeva (gimnastika), Ramil Quliyev (yüngül atletika).
Qrup halında bədii gimnastika təmrinləri üzrə yığma komanda ilin komandası, Zair Məmmədov (cüdo) ilin idman hakimi, Elçin Cəfərov (yunan-Roma güləşi) ilin məşqçisi, “Neftçi” sağlamlıq-idman mərkəzi ilin ən fəal idman cəmiyyəti, Yaşar Məmmədov (qılıncoynatma) ilin ən fəal idman veteranı, Gəncə Olimpiya kompleksi ilin idman qurğusu, Azərbaycan Gimnastika Federasiyası ilin federasiyası elan edilmişdir.
Sonra incəsənət ustalarının konserti olmuşdur.