ELM VƏ TƏHSİL
BDU “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığı genişləndirir
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Clarivate Analytics” şirkətinin əməkdaşları tərəfindən “InCites analitik vasitəsindən istifadə qaydaları” mövzusunda növbəti onlayn müzakirələr keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə InCites analitik vasitəsindən istifadə etməklə "Web of Science" bazasında olan məlumatlar əsasında alimin, təşkilatın və ölkənin elmi fəaliyyətinin qiymətləndirilməsi, hesabatların hazırlanması və müqayisələrin aparılması qaydaları nümayiş olunub. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş müzakirələrdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, “Clarivate Analytics” şirkətinin MDB ölkələri və Rusiya üzrə direktoru Oleq Utkin, bu şirkətin Azərbaycan, Gürcüstan və Ukrayna üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, həmin mərkəzin şöbə müdiri Mahir Pirquliyev və digər əməkdaşlar iştirak ediblər.
Rektor Elçin Babayev BDU-nun “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri barədə danışıb.
“Clarivate Analytics” şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2020-ci ildə BDU alimlərinin "Web of Science" bazasında indekslənmiş jurnallarda dərc olunmuş elmi məqalələrinin sayının və onlara istinadların artdığını diqqətə çatdırıb.
Tədbirdə qarşıda duran vəzifələrdən bəhs edilib və müzakirələrin bundan sonra da mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.