ELM VƏ TƏHSİL
BDU İsveçrənin UBIS Universiteti ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edəcək
Bakı, 13 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) arasında beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində bu ali məktəbin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov UBIS Universiteti ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən danışıb və gələcək əməkdaşlığın faydalı olması üçün bütün zəruri addımların atılacağını bildirib.
UBIS Universitetinin baş direktorunun müavini Rafael Salazar təhsil sahəsində əlaqələrin genişləndiriləcəyinə əminliyini vurğulayıb.
Sonra BDU və UBIS Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
İkili diplom proqramı BDU ilə UBIS Universiteti arasında siyasi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik olan, habelə təhsil, elm və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması prosesinə xüsusi təkan verəcək.
Qeyd edək ki, İsveçrənin UBIS Universitetində biznes administrasiyası və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə bakalavr (BBA, BAIR), magistr (MBA, MAIR) və doktorant hazırlığı həyata keçirilir. Universitet ABŞ-ın Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurasının (IACBE) xüsusi akkreditasıyasından keçmiş, həmçinin ABŞ-da və digər dünya ölkələrində biznes və beynəlxalq münasibətlər ixtisası proqramlarının tədrisi üzrə tam akkreditasiya almış ilk ISO 29990 sertifikatlı İsveçrə ali təhsil müəssisəsidir. Universitet 2012-ci ildən İsveçrə Keyfiyyət Sertifikatına sahibdir.