ELM VƏ TƏHSİL
BDU-da “Üç nöqtə” radiotamaşası təqdim olunub
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Üç nöqtə” adlı radiotamaşa təqdim olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, fakültənin III kurs tələbələrinin hazırladığı tamaşada 1990-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Ermənistan silahlı qüvvələri tərəfindən edilən işğalçı hücumlar, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları və törətdikləri faciələr öz əksini tapıb. Həmin illərdə Azərbaycanın yaşadığı qanlı-qadalı günlərdən bəhs edən radiotamaşa Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Natəvan Dəmirçioğlunun rəhbərliyi ilə hazırlanıb.
Radiotamaşada, həmçinin Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən 20 Yanvar faciəsi haqqında məlumatlara yer verilib.
Tədbirdə fakültənin dekan müavini Samir Mirzəyev radiotamaşa haqqında məlumat verib. Sonra radiotamaşa təqdim olunub.
Sonda fakültənin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya kafedrasının müdiri, professor Cahangir Məmmədli, dekan müavini Könül Niftəliyeva, Tədris teleradio studiyasının müdiri Ramin Rzayev radiotamaşa ilə bağlı fikirlərini bildiriblər.