ELM VƏ TƏHSİL
BDU-da elmi konfrans: Müasir təhsilin məzmununda milli-mənəvi və ümumbəşəri dəyərlər
Bakı, 5 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Pedaqogika kafedrasının təşkilatçılığı ilə “Müasir təhsilin məzmununda milli-mənəvi və ümumbəşəri dəyərlər” mövzusunda onlayn elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımovanın moderatorluğu ilə keçirilən konfransda gənclərdə vətənpərvərlik və milli-mənəvi şüurun təbliğində, milli mənlik şüurunun inkişaf etdirilməsində təhsilin rolu və vəzifələrindən irəli gələn məsələlər haqqında məruzələr dinlənilib.
Konfransın plenar iclasını açan Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə “Kəşf yolu ilə öyrənmə təfəkkür və təxəyyülün inkişafı yolu kimi” mövzusunda məruzə ilə çıxış edərək müasir təhsildə vətənpərvərlik, mənəvi dəyərlər sisteminin gənclərə aşılanması, bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib.
Plenar iclasda BDU-nun professoru Rüfət Hüseynzadə “Ulu öndər Heydər Əliyev nəzəri irsində müəllimlik”, Təhsil İnstitutunun elmi katibi Akif Abbasov “Təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsində pedaqoji ekspertizanın rolu”, həmin institutun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri İntiqam Cəbrayılov “Müasir təhsil və şəxsiyyətin formalaşdırılması problemi” mövzularında məruzələr ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirib.