ELM VƏ TƏHSİL
BDU-da seminar: Müasir dövrdə Türkiyənin xarici siyasətində əsas istiqamətlər
Bakı, 14 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçirilən seminarda Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Günel Əliyeva-Məmmədova “Müasir dövrdə Türkiyənin xarici siyasətində əsas trendlər” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Türkiyənin xarici siyasətinin bütün əsas konsepsiyalarını slaydlarla nümayiş etdirib.
Seminarın mövzusunun metodoloji və nəzəri əsasını müasir mərhələdə Türkiyənin xarici siyasət aspektlərinə həsr olunan elmi məqalələr, internet resursları, həmçinin müəllifin gəldiyi nəticələr təşkil edir.
Elmi seminarda 44 günlük Vətən müharibəsində Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin təhlilinə xüsusi yer verilib. Şuşa Bəyannaməsinin əhəmiyyəti, Türk Dövlətləri Təşkilatında hər iki dövlətin rolu təhlil olunub.
Sonra müzakirələr aparılıb.