ELM VƏ TƏHSİL


BDU ilə Türkiyənin ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 6 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında “Zoom” proqramı vasitəsilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, TİKA-nın Bakı ofisinin koordinatoru Teoman Tiryakinin iştirakı ilə keçən görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Türkiyə universitetləri ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirliməsinin vacibliyi vurğulanıb. Sonra layihə təklifləri müzakirə olunub.

Onlayn görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Orta Asiya, Azərbaycan və Türkiyə universitetlərinin birgə kitabxanaları üçün layihə hazırlanmasını təklif edib. O, dünya təcrübəsi əsasında türkdilli ölkələrin kitabxanalarını, resurslarını və alimlərini birləşdirən bir şəbəkənin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.

Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rauf Həsənov BDU-nun beynəlxalq əlaqələrinin inkişafını, eyni zamanda, Türkiyə universitetləri ilə uğurlu əlaqələr qurulduğunu və bu istiqamətdə münasibətlərin yüksələn xətlə davam etdirildiyini nəzərə çatdırıb. Həmçinin türkdilli ölkələrin universitetləri arasında ikili diplom, birgə elmi araşdırmaların aparılması və müəllim-tələbə mübadiləsinə dair layihələrin hazırlanması məsələsinə toxunub.

Onlayn görüş BDU və Türkiyə ali məktəbləri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.