DÜNYA
BERLİNDƏ NEONASİSTLƏR TARİXİ ABİDƏLƏRƏ ZİYAN VURMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 21-dən 22-nə keçən gecə neonasistlər Almaniyanın paytaxtı Berlində faciəli hadisələrin qurbanları şərəfinə ucaldılmış abidələrə, məzarlıqlara ziyan vurmuş, abidə komplekslərini təhqir etmişlər.
Naməlum şəxslər Berlinin Hennigsdorf məhəlləsində ölüm düşərgələrində həlak olanların şərəfinə ucaldılmış abidə kompleksini dağıtmış, xatirə abidəsi üzərinə rəng çiləmiş və faşist rəmzlərini çəkmişlər. Onlar Ratenau parkında sovet əsgərlərinin şərəfinə ucaldılmış abidə memorialı üzərində müxtəlif məzmunlu 76 faşist nişanı, xaçı və şüarı həkk etmişlər.
Neonasistlər Berlinin mərkəzində Lemmelsov-Ştrassedəki yəhudi məqbərə-memorialının fasadında da oxşar hərəkətlərə yol vermiş, üzərinə qırmızı rəng üfürməklə bir metrdən artıq hündürlükdə xaç nişanı çəkmişlər.
Almaniya Daxili İşlər Nazirliyi müharibənin sona yetməsinin yaxınlaşmaqda olan növbəti ildönümü ərəfəsində hər cür təxribat və təhlükəli hərəkətlərin qarşısını almaq məqsədi ilə təhlükəsizlik tədbirlərinin görülməsi haqqında polisə göstəriş vermişdir.