REGİONLAR
BİR İLDƏ ZARAĞAN KƏNDİNDƏ GÖRÜLMÜŞ İŞLƏR YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Qəbələ rayonunda yanvarın 14-dən kənd və qəsəbələrdə icra nümayəndələrinin 2007-ci ilin yekunlarına dair hesabat yığıncaqları başlanmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yanvarın 16-da Zarağan kəndində təşkil edilən toplantıda icra nümayəndəliyinin 2007-ci ildə görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, 3000 nəfər sakini olan və rayon mərkəzinin 7 kilometrliyində yerləşən Zarağan kəndində ötən il 2 mərtəbəli yeni univermaq binası, inşaat materialları mağazası, fındıq qəbulu məntəqəsi, avtomobillərə texniki xidmət emalatxanası tikilib istifadəyə verilmişdir. Həmçinin artezian quyusu qazılmış, yeni transformator quraşdırılmış, təzə salınmış məhəllələrə təbii qaz və içməli su xətləri çəkilmişdir. Görülmüş işlər nəticəsində 150-ə yaxın kənd sakininin məşğulluğu təmin olunmuşdur.
Tədbirdə Qəbələ Rayon İcra Hakmiyyətinin başçısı Tofiq İbrahimov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək ölkəmizin rəhbəri İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların şəhərlərlə yanaşı, kənd və qəsəbələrdə də səmərəli nəticələr verdiyini, regionlarda əhalinin rifah halının gündən-günə yaxşılaşdığını, yeni iş yerlərinin açıldığını qeyd etmişlər.
Natiqlər 2007-ci ildə Zarağan kəndində görülmüş işlərin və cari ildə qarşıda duran məsələlərin müzakirəsində yaxından işritak etmişlər. Ümumiyyətlə, son bir ildə kənddə həyata keçirilmiş sosialyönümlü tədbirlərin əhəmiyyətinin yüksək olduğu vurğulanmışdır.
Kənd sakinlərinin irəli sürdüyü təkliflər ümumiləşdirilmiş, problem və çatışmazlıqların həlli ilə bağlı plan tərtib olunmuşdur.
Yığıncaqlar yanvarın 31-dək davam edəcəkdir.