SİYASƏT
BİZ DAİM HEYDƏR ƏLİYEVLƏYİK, ONUN YOLU BİZİM YOLUMUZDUR VƏ BU YOLU HƏMİŞƏ DAVAM ETDİRƏCƏYİK
NÜMAYƏNDƏLƏRİNİN YIĞINCAĞINDA VURĞULANMIŞDIR
Odlar Yurdu Universitetində respublika tələbə həmkarlar ittifaqı təşkilatları nümayəndələrinin yığıncağı keçirilmişdir.
Dövlət İqtisad Universiteti tələbə həmkarlar ittifaqı təşkilatının sədri Rəşad Səfərov, Bakı Dövlət Universitetinin magistri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistri Mehman İsmayılov, Odlar Yurdu Universitetinin prorektoru Samir Vəliyev, Texniki Universitet tələbə həmkarlar ittifaqı təşkilatının sədri Samirə Quliyeva yığıncaqda çıxış edərək dedilər ki, son vaxtlar müxalifət mətbuatında, xüsusilə “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” qəzetlərində ümummilli liderimiz, Prezident Heydər Əliyevin səhhəti ilə bağlı dərc edilən yalan və böhtan yazılar ölkəmizin ictimaiyyətinin, eləcə də tələbə və gənclərin kəskin etirazına səbəb olmuşdur. Təbiidir ki, xalq milli mənafeyə və dövlətçiliyə tamamilə zidd olan bu nalayiq və çirkin hərəkətlərə birdəfəlik son qoyulmasını qətiyyətlə tələb edir. Çünki yalançı vədlərlə əhalini çaşdırmaq niyyətində olan dağıdıcı müxalifət və onların mətbu orqanları öz bəd əməlləri ilə ölkədə yenidən hərc-mərclik və özbaşınalıq yaratmaq, əmin-amanlığı pozmaq və bundan istifadə edərək hakimiyyəti zorla qamarlamaq istəyirlər. Ancaq yanılırlar. Xalq onların “idarəçilik təcrübəsi”nə, boşboğaz vədlərinə yaxşı bələddir, buna heç vaxt yol verməyəcəkdir.
Natiqlər Prezident Heydər Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini vurğuladılar. Növbəti prezident seçkilərində də dövlətimizin başçısına səs verəcəklərini bəyan etdilər.
Təhsil nazirinin müavini Elmar Qasımov müstəqil Azərbaycan dövlətçiliyinin yaranmasında və inkişafında Prezident Heydər Əliyevin tarixi xidmətlərindən danışdı. Müxalifət qəzetlərində dövlətimizin başçısının səhhəti barədə yazılan yalan və böhtanla dolu məlumatların dərin hiddət doğurduğunu bildirdi. Prezident Heydər Əliyevin apardığı siyasətin bundan sonra da xalqımız, o cümlədən çoxminli tələbə və gənclər tərəfindən birmənalı şəkildə dəstəklənəcəyini diqqətə çatdırdı.
Yığıncaqda respublika tələbə həmkarlar ittifaqı təşkilatları nümayəndələri bəyanat qəbul etdilər. Bəyanatda deyilir:
“Biz - Azərbaycan Respublikasının 130 minlik tələbə ordusunun təmsilçiləri son vaxtlar “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” kimi müxalifət qəzetlərinin möhtərəm Prezidentimiz Heydər Əliyevin şəxsiyyəti və səhhəti ilə əlaqədar, heç bir əxlaq normasına sığmayan yazılarını pisləyirik. Biz milli gəncliyimizin tərbiyəsinə mənfi təsir göstərib, onun gələcəyini puça çıxarmağa istiqamətlənmiş belə yaramaz hərəkətlərlə bağlı xalqımızın etirazlarına qoşuluruq.
Azərbaycan tələbələri Prezident Heydər Əliyevin həmişə diqqət və qayğısını hiss edir və qiymətləndirirlər. İndi azərbaycanlı tələbələrin sorağı dünyanın bütün inkişaf etmiş dövlətlərinin nüfuzlu universitetlərindən gəlir.
Biz tələbələr Prezidentimizin hər il sentyabrın əvvəlində bizə verdiyi tövsiyələri rəhbər tutur, dövlətimizin başçısının etimadını doğruldaraq, Azərbaycanımızın gələcəyi üçün layiqli davamçılar olmaq arzusu ilə əzmlə çalışırıq.
Bizə sağlam və sabit mühit lazımdır ki, milli ənənələrimizə uyğun, məhz elmi, təhsili ilə dünyaya təsir edə bilən, Azərbaycanımızı erməni təcavüzündən qurtaran qüvvələrə çevrilək. Bunun üçün nüfuzlu liderimizin olması çox vacib şərtdir və biz bu nüfuzu yalnız Heydər Əliyev cənablarında, onun müəyyənləşdirdiyi və davam etdirdiyi siyasi kursda görürük.
Təəssüf hissi ilə bildiririk ki, müxalifət qəzetləri bizim böyük qüvvə olduğumuzu unudur, yaddan çıxarırlar ki, biz daim möhtərəm Heydər Əliyevləyik, onun yolu bizim yolumuzdur və bu yolu həmişə davam etdirəcəyik”.