MƏDƏNİYYƏT
BMT-nin baş katibi Dünya Turizm Günü münasibətilə dünya ictimaiyyətinə müraciət etmişdir
Bakı, 24 sentyabr (AZƏRTAC). 27 sentyabr - Dünya Turizm Günüdür. Bu münasibətlə BMT-nin baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciət etmişdir.
AZƏRTAC xəbər verir ki, müraciətdə builki Dünya Turizm Gününün “Turizm – mədəniyyətləri birləşdirən bənd” devizi altında keçiriləcəyi bildirilir. Qeyd olunur ki, yeni mədəniyyətlərlə insanın öz təcrübəsində tanış olması ən yaxşı yoldur. Turizm müsafirlə onu qəbul edən ölkə arasında möcüzəli bir rabitə vasitəsidir. O, dialoqun və qarşılıqlı əlaqələrin yaradılmasına kömək edir. Müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında belə əlaqələrin mövcudluğu dözümlüyün əsasına çevrilir.
BMT-nin baş katibi vurğulamışdır ki, turizmin inkişaf prosesinə verdiyi töhfə, eyni zamanda, qlobal həmrəyliyin formalaşmasına da yardımçı olur. Qlobal iqtisadiyyatın dərin qeyri-müəyyənliklə üzləşdiyi bir dövrdə turizmin sosial-iqtisadi imkanlar yaratmağa və zənginlərlə kasıblar arasındakı fərqi azaltmağa qadir olması faktı mühüm əhəmiyyət kəsb edir.
Pan Gi Mun turizmə aidiyyəti olan hər kəsi Turizmin Qlobal Etik Kodeksinin 10 prinsipinə riayət etməyə çağırmışdır.
2001-ci ildə BMT-nin Baş Məclisində təsdiq edilmiş ekoloji baxımdan təhlükəsiz və məsuliyyətli turizmin bu rəhbər prinsipləri zamanla yoxlanılmış turizm və sülh, insan haqları və qarşılıqlı anlaşma arasındakı əlaqəyə əsaslanır.
Müraciətin sonunda deyilir ki, Dünya Turizm Günü turizmin bütün dünyanın rifahı barədə düşünməyə imkan yaradır. Gəlin səyahətlərimiz zamanı digər mədəniyyətlərlə təmasda olaq və insanların müxtəlifliyini salamlayaq. Bu günü qeyd edərək turizmə daha tolerant, açıq və vahid bir dünyanın formalaşmasına kömək edən amil kimi dəyər verək.