CƏMİYYƏT


BMT-nin iqlim sammiti keçiriləcək

Bakı, 14 yanvar, AZƏRTAC

Cari ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişməsi üzrə sammiti keçiriləcək.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, iqlim dəyişməsi sahəsində Paris sazişinin yerinə yetirilməsi səylərinin dəstəklənməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə təşkilatın baş katibi Antonio Quterreş sentyabrın 23-də dünya liderləri, hökumət nümayəndələri, maliyyə dairələri, biznes və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə təşkil olunacaq sammitə sədrlik edəcək.

Baş katib dünya liderlərini sammit çərçivəsində cəsarətli bəyanatlarla və təkliflərlə çıxış etməyə çağırıb. O qeyd edib: “Öhdəliklərə dair iddiaların daha yüksək olması lazımdır. Bununla əlaqədar sammitin işi problemin məhək daşı olan məsələlər – tullantıların daha çox olduğu sektorlar, həmçinin dayanıqlığın təmin edilməsinin daha vacib olduğu sahələr ətrafında cəmləşəcək. Biz iqtisadiyyatın real sektorundan və siyasət aləmindən iştirakçıları, o cümlədən həm dövlət, həm də özəl sektorda trilyon dollar səviyyəsində aktivləri olanları cəlb edəcəyik”.

Paris sazişi və dayanıqlı inkişaf üzrə məqsədlər iqlim dəyişməsi probleminin həlli istiqamətində qlobal səylərin əsasını təşkil edir. 2019-cu il sammitinin məqsədi dövlətləri, regionları, şəhərləri, şirkətləri, sərmayədarları və vətəndaşları altı istiqamət - enerji təminatı sisteminin dəyişməsi, iqlim dəyişməsi ilə mübarizənin maliyyələşdirilməsi və karbon qazının emissiyasına qiymətlərin müəyyən edilməsi, sənayedə keçid prosesləri, problemlərin təbii şəraitdə həlli, şəhərlər və yerli səviyyədə fəaliyyət və dayanıqlılıq üzrə öz səylərini gücləndirməyə çağırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.