CƏMİYYƏT


BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

Bakı, 17 sentyabr, AZƏRTAC

2020-ci ildə 27 milyona yaxın insan COVID-19 koronavirusuna yoluxub. Bu virus 900 mindən çox insanın həyatına son qoyub. COVID-19 səbəbindən bu il dünya iqtisadiyyatının həcmi 5 faiz azalacaq.

AZƏRTAC BMT saytına istinadla xəbər verir ki, bu fikirlər COVID-19-a və onun nəticələrinə qarşı mübarizədə Birləşmiş Millətlər Təşkilatının roluna həsr edilmiş yeni məruzədə əksini tapıb.

Məruzədə deyilir: “Pandemiyanın lap əvvəlindən Birləşmiş Millətlər Təşkilatı bütün istiqamətlərdə mövcud resursları səfərbər edib. BMT səhiyyə sahəsində qlobal səyləri əlaqələndirib, əhalinin sosial baxımdan ən həssas qruplarına həyati əhəmiyyətli humanitar yardım göstərib, böhranın sosial-iqtisadi nəticələrinin yumşaldılması üçün müvafiq mexanizmlər yaradıb, hərtərəfli fəaliyyət planı tərtib edib”.

Məruzənin müəllifləri vurğulayırlar ki, BMT bu sahədə öz fəaliyyətini üç əsas istiqamət üzrə qurub: səhiyyə, əhaliyə sosial-iqtisadi dəstək və zəruri sistemli dəyişikliklər nəzərə alınmaqla bərpa işləri. Beynəlxalq birliyin pandemiyaya qarşı səmərəli mübarizə apara bilməsi üçün BMT dünyanın hər yerində silahlı əməliyyatları dayandırmağa çağırıb. Məruzə müəllifləri yazırlar: “Martın 23-də Baş katib çıxış edərək qlobal atəşkəsə çağırıb. O tələb edib ki, bütün dünyada hərbi münaqişələrin iştirakçıları döyüş əməliyyatlarını dayandırsınlar, humanitar yardımın çatdırılmasına və diplomatik səylərə şərait yaratsınlar”.

Məruzə müəllifləri xatırladırlar ki, iyunun 1-də BMT Təhlükəsizlik Şurası döyüş əməliyyatlarını 3 ay müddətinə dayandırmağa çağıran qətnamə qəbul edib.

BMT COVID-19-a qarşı mübarizə üçün maliyyə resurslarını səfərbər edib. 2020-ci ildə səhiyyə sahəsində zəruri tədbirlər görülməsi üçün ayrılması nəzərdə tutulan 1,74 milyard dolların 1,44 milyard dollara bərabər hissəsi sentyabrın 3-dək alınıb.

Məruzədə deyilir: “BMT komandaları milli mübarizə planlarının işlənib hazırlanmasını dəstəkləyiblər. Təşkilat COVID-19-a qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə bilavasitə, o cümlədən ərzaq, dava-dərman, su, şəxsi gigiyena vasitələri və müvəqqəti sığınacaq verilməsi şəklində yardım göstərib, evdə təhsil alanlara və psixoloji dəstəyə ehtiyacı olanlara kömək edib, bu məqsədlə nağd vəsait ayırıb”.

Məruzədə göstərilir ki, BMT-nin səyləri sayəsində 172 ölkə zəruri tibbi mallar alıb. Təşkilat 452 milyon ədəd fərdi müdafiə vasitəsi və 29 milyon koronavirus testi çatdırılmasını təmin edib.

Məruzə müəllifləri vurğulayırlar ki, pandemiyadan sonra ölkələrin bərpası sosial ədalət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə, gender bərabərliyi və insan hüquqlarının müdafiəsi prinsipləri nəzərə alınmaqla həyata keçirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.