REGİONLAR
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri Masallıda olublar
Masallı, 1 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 1-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri Masallıya səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində qonaqlarla keçirilən görüşdə onlara rayonun tarixi, sosial-iqtisadi inkişafı, mədəniyyəti, turizm potensialı, əhalinin məşğulluğu barədə məlumat verilib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai və USAID-in Azərbaycan üzrə yeni missiya direktoru Caydev Sinqx rayona səfərlərindən məmnunluqlarını bildiriblər.
Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.
Sonra Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində və Qadın Resurs Mərkəzində qonaqlarla görüş keçirilib, "Qadın dünyası" ticarət-xidmət mərkəzinin açılışı olub.
Açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, USAID-in Azərbaycan üzrə yeni missiya direktoru Caydev Sinqx, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai qadınlardan ibarət kollektivə xoş arzularını çatdırıblar.
Masallının görməli yerləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
Qonaqlar, həmçinin Masallı şəhərində Rəşadə Əsədova, Təzə Alvadı kəndində "ABAD"çı Göyçək Əsgərovanın əl işləri ilə də yaxından tanış olublar.