İQTİSADİYYAT


BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib

BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib

Bakı, 28 mart, AZƏRTAC

İsrailin “NewMed” enerji şirkəti bildirib ki, neft-qaz nəhəngləri “British Petroleum” (BP) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) onun səhmlərinin yarısını almaq üçün birlikdə 4 milyard dollar təklif edib.

AZƏRTAC İsrail KİV-ə istinadla xəbər verir ki, ADNOC kompaniyasının bu təklifdə iştirakı 2020-ci ildə İsrail və BƏƏ arasında diplomatik münasibətlərin qurulması və keçən il imzalanan azad ticarət sazişindən sonra yeni bir əməkdaşlıq nümunəsidir.

İsrailin Leviathan dəniz qaz yatağının 45 faizinə sahib olan “NewMed” şirkəti bazar ertəsi "məcburi olmayan indikativ təklifin" alındığını və sövdələşməni araşdırmaq üçün audit komitəsi təyin etdiyini bildirib. Səhmlərin nağd satışı “NewMed”in törəmə şirkəti olan “Delek”i də əhatə edə bilər.

BP isə bildirib ki, “ADNOC ilə birlikdə “NewMed Energy” şirkətinin sərbəst dövriyyəsinin alınması və “Delek”in payının qismən əldə edilməsi yolu ilə özəlləşdirməyə dair qeyri-məcburi təklif irəli sürüb. Bu, BP və ADNOC-un İsrail şirkətinin səhmlərinin 50 faizinə sahib olması ilə nəticələnəcək".

Britaniya kompaniyasının bəyanatında deyilir ki, sövdələşmə BP və ADNOC-un “qarşılıqlı maraq doğuran beynəlxalq sahələrdə, o cümlədən Şərqi Aralıq dənizində qazın işlənməsinə yönələcək yeni birgə müəssisə yaratmaq niyyətində ilk mühüm addım olacaq”.

“NewMed” şirkətinin baş direktoru Yossi Abu bu təklifin son illərdə regionun enerji şirkətləri ilə qurulan münasibətlərin və körpülərin nəticəsi olduğunu söyləyib. O əlavə edib ki, bu, həm də "ümumiyyətlə İsrailin qaz bazarı, xüsusən də “NewMed Energy”nin biznesi və aktivləri üçün mühüm etimad göstəricisidir.

2010-cu ildə Aralıq dənizinin liman şəhəri Hayfadan 130 kilometr qərbdə kəşf edilən Leviathan qaz yatağında 34,1 milyon barel kondensatla birlikdə 605 milyard kubmetr təbii qaz ehtiyatı olduğu bildirilir. Burada hasilata 2019-cu ilin dekabrında başlanılıb. Yataq qazın bir hissəsini istifadə edən İsrailə boru kəməri ilə bağlıdır, qalan hissəsi isə qonşu Misir və İordaniyaya ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.