DÜNYA
BVF 2019-cu ildə İspaniyada proqnozlaşdırılan ÜDM artımı göstəricisini 2,1 faizə endirib
Madrid, 13 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) son məlumatlarına görə, 2019-cu ildə dünya ölkələrinin 70 faizində iqtisadi artım ləngiyəcək. Belə ölkələrdən biri də İspaniyadır.
AZƏRTAC xəbər verir ki, Kristin Laqardın başçılıq etdiyi BVF bu həftə Vaşinqtonda “Dünyada artım perspektivləri” adlı məruzəsini təqdim edib. Məruzədə göstərilir ki, bu il İspaniya iqtisadiyyatında 2,1 faiz artım gözlənilir. Bu, BVF-nin üç ay bundan əvvəl elan etdiyi rəqəmdən 0,1 faiz azdır. Bununla belə, 2020-ci il üçün İspaniyada proqnozlaşdırılan ÜDM artımı dəyişməyib, yəni əvvəlki kimi 1,9 faiz səviyyəsində qalıb.
Beləliklə, İspaniya Avropa ölkələri arasında iqtisadi artım göstəricisi üzrə lider kimi qalacaq. Məsələn, o, Almaniyanı və İtaliyanı qabaqlayacaq. Həmin ölkələrdə proqnozlaşdırılan artım göstəricisi 0,5 faiz azalıb, yəni Almaniyanı 0,8 faiz, İtaliyada isə 0,1 faiz olacağı gözlənilir.
Fondun baş iqtisadçısı Gita Hopinatın başçılıq etdiyi Araşdırmalar Departamentinin məlumatına görə, bu il İspaniya iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında artım göstəricisi üzrə yalnız ABŞ-dan geri qalacaq: ABŞ-da ÜDM artımının 2,3 faiz olacağı proqnozlaşdırılır.
Gita Hopinat bu dəyişikliklərə səbəb olmuş əsas amillər sırasında ABŞ ilə Çin arasında kommersiya münaqişəsini, Asiya nəhənginin kreditlərlə bağlı düzəlişləri, Argentinada və Türkiyədə iqtisadi sarsıntıları, Almaniyada avtomobil sektorunun işində yaranmış qeyri-sabitliyi, dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrində pul siyasətinin normallaşdırılmasını qeyd edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid