İQTİSADİYYAT
“Bakcell” developerlər üçün “Pitçinq” üzrə ustad dərsi təşkil edib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha bir ustad dərsi təşkil edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Pitçinq” üzrə təlimdə iştirakçılara qısa təqdimatların üç əsas üsulu olan “the high-concept pitch” (startap ideyasının bir qısa cümlə ilə ifadə etmək bacarığı), “the elevator pitch” (“lift təqdimatı” üsulu) və “the pitch deck” (“Power Point” və digər alətlər vasitəsilə qısa təqdimat) barədə ətraflı məlumat verilib.
“The high-concept pitch” adlanan ilk üsul startapın ideyasını bir cümlə vasitəsilə ifadə etməkdən ibarətdir. Bu üsul sayəsində şirkət barədə məlumat dostlar, müştərilər və investorlar tərəfindən daha asan şəkildə yayıla bilər. “Applab” iştirakçılarının təlim zamanı öyrəndikləri digər təqdimat üsulu “the elevator pitch” (“lift təqdimatı” üsulu) adlanır. Bu üsulun əsas mahiyyəti məhsul və komanda barədə məlumatın müvafiq auditoriyaya 30 saniyə ərzində çatdırılmasından ibarətdir. Bu kimi təqdimat növündən liftdə və yaxud növbədə dayanarkən istifadə oluna bilər. Digər təqdimat üsulu isə “the pitch deck” adlanır ki, bu da biznes-plana bənzər bir təqdimat növüdür. Bu təqdimat əsas məqsəd, xülasə, komanda barədə məlumat, əsas problemlər və onların həlli yolları və sair kimi hissələrdən ibarətdir.
“Pitçinq” üzrə ustad dərsi sayəsində mən təqdimat etmək sənətinin incəliklərini daha yaxşı başa düşürəm. Uğurlu təqdimat etmək üçün sadəcə gözəl danışıq qabiliyyətinə malik olmaq kifayət deyil”, - deyə “CineMania.az” layihəsinin təsisçisi Cavid Axundov bildirib.
“Təlim zamanı mən bir neçə yeni termin ilə tanış olaraq satış sahəsində yeni yanaşmalar və qısa təqdimat üsulları barədə ətraflı məlumat almışam. Təlimin ən maraqlı hissələrdən biri isə təlimçilərin bu mövzu ilə bağlı real həyatdan götürülmüş misalları və şəxsi təcrübələri oldu”, - deyə “Applab” proqramının iştirakçısı olan “Buket.al” startap layihəsinin sosial media üzrə mütəxəssisi Vəfa Məmmədzadə bildirib.
Qarşıdakı aylar ərzində “Bakcell” şirkəti developerlər üçün “blokçeyn” (“blockchain”) texnologiyası, layihə idarəetməsi və digər mövzularda treninqlər də təşkil edəcək.
Qeyd edək ki, “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur.