İDMAN
“Bakı-2017”nin tennis yarışlarının səkkizinci günündə dörd idmançı dörddəbir finala yüksəlib
Bakı, 19 may, Elvin Camalov, AZƏRTAC
Mayın 19-da “Bakı-2017”nin tennis yarışlarının səkkizinci günündə kişilərdən ibarət 4 komanda dörddəbir finala yüksəlib
AZƏRTAC xəbər verir ki, gün ərzində ümumilikdə 12 görüş oynanılıb. Kişilər arasında fərdi yarışlarda səkkizdəbir final mərhələsinin dörd oyunu keçirilib.
Kişilərin yarışında İran təmsilçisi Əmirvala Mədənçi səkkizdəbir finalda mərakeşli Ayoub Çakrounini məğlub edərək (5:7, 7:5, 6:2) dörddəbir finala yüksəlib.
Digər görüşdə isə Səudiyyə Ərəbistanı təmsilçisi Ammar Alhaqbanini 6:3 və 6:4 hesabı ilə mübarizədən kənarlaşdıran Özbəkistan tennisçisi Saidalo Səidkərimov növbəti mərhələyə adlayıb.
Dörddəbir final mərhələsinə yüksələn növbəti kişi idmançı Qətər təmsilçisi Zayid Mübarək Şannan olub. O, dörddəbir finala vəsiqəni Malayziya idmançısı Abdul Razak Əhməd üzərində inamlı qələbə (6:4, 5:7və 6:2) sayəsində təmin edib.
Türkiyə təmsilçisi Anil Yüksəl isə səkkizdəbir finalda Georgi Poçay (Türkmənistan) üzərində qələbə qazanaraq (0:6, 4:6) dörddəbir finala yüksəlib.
“Bakı-2017”nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.