ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək
Bakı, 14 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan bu hadisənin canlı şahidi olacaq.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının üçüncü peyki olan “Azerspace-2” peykinin orbitə buraxılması cari ilin aprelində Fransız Qvianasındakı Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində həyata keçiriləcək.
BANM-in rektoru Elmar Qasımov bu ali məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətə malik, “Azerspace-2” peykinin orbitə buraxılması mərasiminə dəvət aldığına görə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyinə təşəkkür edib, bu qurumun heyətinə uğurlar arzulayıb.
BANM ilə “Azərkosmos” ASC arasındakı əməkdaşlıq çərçivəsində həmin tədbirdə iştirakı nəzərdə tutulan tələbə neft-qaz mühəndisliyi ixtisasının üçüncü kursunda təhsil alan Fərdin Vətənidir. BANM-ə 690 balla qəbul olunan F.Vətəni, eyni zamanda, Prezident təqaüdçüsüdür.
Qeyd edək ki, 2013-cü ildə ilk peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik klubunun üzvünə çevrilib və ölkəmizdə kosmik sahənin əsası qoyulub.