İQTİSADİYYAT
Bakı Beynəlxalq Avtovağzal Kompleksi: Səkkiz ayda 24 mindən çox sərnişin onlayn bilet alıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) onlayn qaydada bilet satışında son 2 ildə artım müşahidə olunur. Ötən ilin statistikasına əsasən, 33 min 314 sərnişin bu qaydada biletini təmin edib. Bu ilin 8 ayı ərzində isə 24 min 60 sərnişin avtovağzala gəlmədən internet vasitəsilə bilet alıb.
BBAK-dan AZƏRTAC-a bildirilib ki, avtovağzalın saytının yenilənməsindən və mobil tətbiqin istifadəyə verilməsindən sonra onlayn qaydada bilet alanların sayında artım müşahidə olunur. Son 3 ay (iyun, iyul, avqust) ərzində 13 mindən çox sərnişin onlayn qaydada bilet almaq üçün müraciət edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində 2013-cü ilin noyabrından onlayn bilet satışına start verilib. Onlayn qaydada bilet almaq istəyən sərnişinlər səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ qədər avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə əldə edə bilərlər. Bilet alan şəxs səfərinə 30 dəqiqə qalmış avtovağzala yaxınlaşaraq onlayn bilet üçün nəzərdə tutulan kassaya yaxınlaşıb bileti rəsmiləşdirməlidir. Həmçinin bilet alan zaman qeydiyyatdan keçən şəxs özündən başqa digər sərnişinə bilet alarsa mütləq həmin sərnişinin şəxsiyyət vəsiqəsindəki məlumatları düzgün şəkildə qeyd etməlidir. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür.