İQTİSADİYYAT
Bakı Fond Birjası “ABB-İnvest” şirkəti ilə tərəfdaşlıq memorandumu imzalayıb
Bakı, 17 iyun, AZƏRTAC
“ABB-İnvest investisiya şirkəti” QSC ilə Bakı Fond Birjası (BFB) arasında Listinq Məsləhət Proqramı çərçivəsində tərəfdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu tərəfdaşlıqla yanaşı, “ABB-İnvest” “BOKT Embafinans” QSC-nin istiqraz buraxılışında anderraytinq xidməti göstərməklə özünün ilk anderraytinq xidmətini reallaşdırmış olub. Kapital bazarları üzrə 2021-ci ilin mühüm hadisələrindən biri olan “ABB-İnvest” şirkətinin ilk anderraytinq xidməti vasitəsilə “Embafinans” QSC-nin mütəşəkkil kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədilə BFB-də “Açılış zəngi” mərasimi keçirilib. Belə ki, Azərbaycanın qeyri-neft sektorundan olan “Embafinans” QSC-nin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.
Açılış mərasimində emitent tərəfindən “Embafinans”, birja üzvü tərəfindən “ABB-İnvest” investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak ediblər. BFB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış zəngi” mərasimini açıq elan edərək “Embafinans”ın birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Qeyd edib ki, eyni zamanda, bu istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaq.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədilə “Açılış zəngi” çalınıb və istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılıb.