CƏMİYYƏT
Bakı Konqres Mərkəzində gənclər “Göygöl Milli Parkı” sənədli filminə baxıblar
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Bakı Konqres Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi" adlı layihəsi çərçivəsində çəkilmiş "Göygöl Milli Parkı" sənədli filminin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyi, Bakı Konqres Mərkəzi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən nümayişin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini gənclər arasında təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.
Yeddi yüzdən çox könüllü gənc filmin nümayişindən əvvəl onun rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.
Qeyd edək ki, "Göygöl Milli Parkı" filminin təqdimatı 2015-ci ildə olub və film Milli Parkın yaranmasının 90 illiyinə həsr edilib. Sənədli filmdə yalnız ölkəmizin bənzərsiz təbiəti deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti haqqında da bəhs edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur.
“Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində hazırlanan növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.
"Göygöl Milli Parkı" filminin ardından sözügedən layihə çərçivəsində çəkilmiş Şirvan, Ağgöl və Abşeron Milli Parkına həsr edilən sənədli filmlərin də mütəmadi olaraq Bakı Konqres Mərkəzində nümayişi davam etdiriləcək. Filmlərin nümayişi ilə bağlı ətraflı məlumat IDEA İctimai Birliyinin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.