MƏDƏNİYYƏT
Bakı Marionet Teatrı adını Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalının tarixinə yazdırdı VİDEO
Paris, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrı Fransada 20-ci Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında böyük uğura imza atıb və ilk dəfə iştirak etməsinə baxmayaraq, adını bu festivalın tarixinə yazdırıb.
Festivalda Bakı Marionet Teatrı Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırladığı marionet tamaşası ilə festival iştirakçıları və ziyarətçilərinin qəlbini fəth edib.
AZƏRTAC xəbər verir ki, teatr Azərbaycanın Fransadakı səfirliyinin və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə festivala qoşulub. Festival çərçivəsində tamaşanın ilk təqdimatında vaxtilə ölkəmizdəki Fransa səfirliyinin mədəniyyət attaşesi olmuş Lük Obri açaraq Marionet Teatrının tarixi, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası haqqında ətraflı məlumat verib. Bildirib ki, Üzeyir Hacıbəyli M.Füzulinin eyniadlı poemasının motivləri əsasında yazdığı “Leyli və Məcnun” operası ilə müsəlman Şərqində opera janrının əsasını qoyub. Bu operanın muğam ilə Avropa operasının üzvi vəhdətindən yarandığını və muğam operasının ilk nümunəsi olduğunu vurğulayıb. İki gəncin əbədi, ancaq faciə ilə bitən məhəbbətindən bəhs edən tamaşanın Azərbaycan musiqi mədəniyyəti haqqında hərtərəfli təsəvvür yaratdığını qeyd edib. Bakı Marionet Teatrının təsisçisi və rejissoru Tərlan Qorçu haqqında danışıb. “Leyli və Məcnun” əsərindən bəzi parçaları fransızca səsləndirib. Tamaşanın Lük Obri tərəfindən tərcümə edilmiş mətni bukletlər formasında tamaşaçılara paylanıb.
Sonra tamaşa nümayiş olunub. Tamaşa zamanı ilk diqqəti çəkən tamaşaçıların emosiyaları olub. Bəzi tamaşaçılar dil baryerası olmasına baxmayaraq, tamaşanı qəlbən yaşamış və göz yaşları axıtmışlar. Onlar ayağa qalxaraq aktyorları alqışlayıblar. Alqışları ilə aktyorları səhnəyə çağıraraq onlara təşəkkürlərini bildiriblər. Özlərini təkcə marionet tamaşasında deyil, eyni zamanda operada hiss etdiklərini bildiriblər. Tamaşanın musiqisini çox sevdiklərini diqqətə çatdırıblar. Marionet teatrsevərlər tamaşa ilə bağlı fikirlərini bölüşüb, heyranlıqlarını bildiriblər. Səhnə dekorasiyası, marionetlərin möhtəşəm olduğunu vurğulayıblar. Aktyorlara təşəkkür edən tamaşaçılar onların daxili aləmlərini, emosiyalarını cansız marionetlərlə ustalıqla, məharətlə ifa etmək bacarıqlarına heyran olduqlarını söyləyiblər.
Bakı Marionet Teatrının uğuru hələ tamaşa üçün biletlərin satışa çıxarıldığı vaxt bəlli olmuşdur. Festivaldan 2 ay əvvəl satışa çıxarılan biletlər 10 gün ərzində satılıb qurtarıb. Bu tamaşaya olan marağı bir daha əks etdirir. Bir çox tamaşaçılar gündə 2 dəfə olmaqla iki gün göstərilən tamaşanın daha çox göstərilməsinə ehtiyac olduğunu qeyd ediblər.
Bakı Marionet Teatrının dünya turnesinə çıxmasının vacibliyini bildiriblər və ölkəmizi, mədəniyyətimizi yüksək şəkildə təşviq edəcəyinə əminliklərini ifadə ediblər.
Səyyar səhnədə istənilən effekti yaratmaq aktyorlardan böyük qabiliyyət və səbir tələb edir. Müvəqqəti yaradılan səhnə daim adət edilən teatr səhnəsini əvəz edə bilməz. Ancaq istedadlı rejissor, rəssam, xəttat Tərlan Qorçu və aktyorlarımız enerjiləri və məharətlərini səfərbər edərək çətin də olsa istədikləri səhnəni yaradaraq, tamaşanı uğurla təqdim ediblər.
Əsası ötən əsrin 80-ci illərin ortalarında qoyulan Bakı Marionet Teatrı bütün yaş qruplarının maraq dairəsini əhatə edir və öz fəaliyyətində Azərbaycan xalqının zəngin çoxşaxəli mədəni irsinin memarlıq, milli geyim, musiqi və rəqs, dilimizin rəvan üslubu, xalqımızın həyat tərzi, milli bayramlar kimi özünəməxsus cizgilərini ehtiva edir. Ölkəmizin zəngin mədəni irsini gələcək nəsillərə ötürür, milli dəyərlərə bağlılığı aşılayır.
Teatrımız Beynəlxalq Marionet Teatrları Festivalında iştirakı ilə zəngin və rəngarəng Azərbaycan mədəniyyətini Fransa və dünya xalqlarına tanıtdı.
Dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 134 illik yubileyi ərəfəsində onun əsəri əsasında hazırlanmış marionet tamaşası ilə beynəlxalq festivalda Marionet Teatrının ölkəmizi təmsil etməsi dahi bəstəkarın yubileyinə töhfə olmaqla yanaşı, Azərbaycan teatr sənəti tarixində daim yadda qalacaq qürurverici bir hadisədir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Şarlövil-Mezyer