MƏDƏNİYYƏT
“Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda məruzə dinlənilib
Bakı, 13 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının əməkdaşlarının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki əhəmiyyətli rolu, mədəniyyətimizə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açılıb.
Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış edərək Ulu Öndərin fəaliyyəti boyu incəsənət nümayəndələrinin yaradıcılığına verdiyi dəyərdən söhbət açıb.
“Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda geniş məruzə ilə çıxış edən, laboratoriyanın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət sahəsinə yönəlmiş əvəzsiz xidmətlərini vurğulayıb və dinləyicilərə dəyərli faktlar çatdırıb. Həmçinin illərdir üzərində işlədiyi Heydər Əliyevə həsr olunan mahnılardan ibarət elmi toplu haqqında danışıb. Ulu Öndərə həsr olunmuş mahnıları iki cildlik kitabda cəmləşdirməyi planlaşdıran A.Abduləliyev, bir cilddə peşəkar bəstəkarların, digərində isə həvəskar bəstəkarların əsərlərinin çap olunacağını qeyd edib.
Azərbaycanın Xalq artisti, professor Z.Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor A.Əsədullayev çıxış edərək ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini böyük sevgi və ehtiramla bölüşüblər.
Tədbirdə Ulu Öndərə həsr olunmuş musiqi əsərləri səsləndirilib.
Sonda elmi tədqiqat laboratoriyasının kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.