CƏMİYYƏT
Bakı Regional Mərkəzində “Cəsurluq məktəbi” adlı “açıq qapı” günü keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Cəsurluq məktəbi” adlı “açıq qapı” günü keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, mərkəzin bazasında keçirilən “açıq qapı” gününün məqsədi Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə yaxından tanış etməkdən ibarət olub.
Maarifləndirmə tədbirlərindən fərqli olaraq, “Cəsurluq məktəbi” adlı “açıq qapı” gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilib. Belə ki, tədbirdə iştirak etmiş 46 yuxarı sinif şagirdinin hər biri məhz öz gələcəyini fövqəladə hallar orqanlarında fəaliyyətlə bağlamaq istəyən gənclər olub.
Tədbir praktiki və nəzəri olmaqla iki hissədən ibarət olub.
Praktik hissədə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında istifadə olunan texnika, alət və avadanlıq nümayişi etdirilib, onların iş prinsipi barədə məlumat verilib.
Mərkəzin inzibati binasının akt zalında keçirilmiş nəzəri hissə zamanı isə mərkəzin rəis müavini Kamil Bağırov çıxış edərək tədbir iştirakçılarının gələcək fəaliyyətlərini məhz fövqəladə hallar orqanları ilə bağlamaq istəklərini təqdirəlayiq hesab edib.
Mərkəzin Mülki müdafiə idarəsinin rəis müavini, polkovnik Yolçu Yolçuyev “Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi işlər və apardığı maarifləndirmə fəaliyyəti barədə qısa məlumat verib.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.