CƏMİYYƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi polisin “Saxla!” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib
Bakı, 22 oktyabr, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi polisin “Saxla!” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında bildirib ki, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmasına dair tələbini yerinə yetirməməsi hallarına rast gəlinir. Belə hallar daha sonra polis əməkdaşının ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması hallarına gətirib çıxarır. Bu vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir.
“Sürücülərə bir daha müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisədən qoruyur”, - deyə A.Əsgərli vurğulayıb.