CƏMİYYƏT


Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılır

Bakı, 25 sentyabr, AZƏRTAC

Ölkə vətəndaşlarının koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maarifləndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara, ilk növbədə, virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Sentyabrın 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin bir daha bildirir ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız, ilk növbədə, vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.