MƏDƏNİYYƏT
Bakıda 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri başa çatmışdır
Bakı, 30 aprel (AZƏRTAC). Aprelin 30-da Bakı Sərgi Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və “İteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, budəfəki sərgidə 24 ölkədən 230 şirkət təmsil olunmuşdur. Ötən illə müqayisədə builki sərgidə daha çox iştirakçının olması Bakıda keçirilən bu tədbirə beynəlxalq səviyyədə yaranan maraqdan xəbər verir. 2-ci Ümumrespublika daxili turizm sərgisində isə Azərbaycanın 15 rayonundan 83 turizm subyekti iştirak etmişdir.
Bu sərgilər bir daha sübut etmişdir ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi Azərbaycanı perspektivli turizm ölkəsinə çevirir, bu sahəyə maraq və diqqət ilbəil artır.
Aprelin 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bakı Sərgi Mərkəzinə gələrək burada keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olmaları, dövlətimizin başçısının tədbirin təşkilini müsbət qiymətləndirməsi və öz tövsiyələrini verməsi bu sərgilərin əhəmiyyətini qat-qat artırmışdır.
Əvvəlki illə müqayisədə builki sərginin ekspozisiya sahəsi 25 faiz artmışdır. Sərgidə Şamaxı rayonunun turizm obyektləri də geniş şəkildə təmsil edilmişdir. Rayonun mədəniyyət və turizm şöbəsinin təqdim etdiyi xalçaçılıq, əl sənətkarlığı, dəmirçilik nümunələri ziyarətçilərdə böyük maraq doğurmuşdur. Sərgidə təmsil olunan Şamaxıdakı “Göy qurşağı” ailəvi istirahət mərkəzi üç ildir ki, fəaliyyət göstərir. Mərkəz öz müştərilərinə Avropa standartlarına uyğun xidmət göstərir. Bu mərkəz dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir.
Beynəlxalq sərgidə Şəkinin özünəməxsus təbiət və sənətkarlıq nümunələrini əks etdirən stend də böyük maraqla qarşılanmışdır. Şəki mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov bildirmişdir ki, burada Şəkinin qədim sənətkarlıq növlərindən olan təkəlduz, şəbəkə, dulusçuluq nümunələri nümayiş olunmuşdur.
Artıq başa çatmış 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri çərçivəsində biznes konfranslar, həmçinin əyləncə proqramlar təşkil edilmişdir.