ELM VƏ TƏHSİL
Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” işə başlayıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 70-ə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak edirlər.
GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Konfransda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov çıxış edərək Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illər ərzində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.