İQTİSADİYYAT


Bakıda Aerokosmik Monitorinq Təlim Mərkəzi açılıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun dəstəyi ilə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş Aerokosmik Monitorinq Təlim Mərkəzinin məqsədi geoinformasiya texnologiyalarının tətbiqi, xüsusilə peyk təsvirlərinin analizi, rəqəmsal emalı və coğrafi informasiya sistemləri sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır. Tələbələr əldə etdikləri nəzəri bilikləri bu mərkəzin təhsil proqramı çərçivəsində təcrübədə tətbiq etməyi öyrənəcəklər.

Tədris prosesinə təlimçi qismində Azərkosmos, Milli Aviasiya Akademiyası və bu sahədə fəaliyyət göstərən digər qurumların, ali məktəblərin, o cümlədən qabaqcıl beynəlxalq universitet və şirkətlərin aparıcı mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

Təlim müddətində dinləyicilər müxtəlif proqram təminatlarında verilənlərin emalı xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan dilində tərtib edilmiş metodik vasitələr və mentorlarla təmin olunacaqlar. Təlim vəsaiti nəzəri bilikləri, tapşırıqlar toplusunu və proqram təminatının əsas funksionallığı haqqında məlumatları əhatə edəcək.

Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, dünyada coğrafi informasiya sistemləri, məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə olan tələbat durmadan artır.

Geoinformasiya texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daha da aktuallaşır. Bu baxımdan müasir geoinformasiya texnologiyalarından bacarıqla istifadə edə bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.