CƏMİYYƏT
Bakıda “Aşıq-baldır oynağının ətrafı sınıqları” mövzusunda beynəlxalq seminar keçirilib
Bakı, 7 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Bakıda travmatoloq və ortopedlərin “Aşıq-baldır oynağının ətrafı sınıqları” mövzusunda beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, kurs-seminar Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyətinin (“AOTrauma”) və bu qurumun Azərbaycan üzrə əlaqələndiricisi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) aparıcı elmi işçisi, tədbirin həmsədri, tibb elmləri doktoru Aydın Qəhrəmanov tərəfindən təşkil edilib.
Tədbirin məqsədi Azərbaycan travmatoloqlarının əsas elmi-nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Kursda Türkiyə, Böyük Britaniya və İsveçrədən olan, bu sahədə tanınmış mütəxəssislərlə yanaşı A.Qəhrəmanov, ETTOİ-nin professoru Qələndər Canbaxışov və başqalarının məruzələri dinlənilib. Onlar ağır travmaların müalicəsi istiqamətində öz təcrübələrini bölüşüblər.
Sonra iştirakçılara dünyada bu sahə üzrə baş verən yeniliklər və onların tətbiqi yolları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, biliklə cərrahi təcrübənin düzgün uyğunlaşması travmatoloqlara nəzəriyyəni təcrübədən keçirməklə sınıqların müalicəsində yaxşı nəticə əldə etməyə imkan yaradır.
Qeyd edək ki, “AOTrauma”nın əsas məqsədi travmatoloji problemləri olan pasiyentlərin müalicəsinin keyfiyyətini artırmaq üçün elmi yenilikləri ictimaiyyətə çatdırmaqdır.
Beynəlxalq seminarda ölkənin müxtəlif regionlarından (Qusar, Gəncə, Salyan və s.) 30-dək travmatoloq və ortoped iştirak edib.
Xatırladaq ki, “AOTrauma” tərəfindən Bakıda ilk beynəlxalq seminar ötən ilin noyabrında keçirilib və “Diz oynağı nahiyəsində sınıqların müalicəsi” mövzusuna həsr olunub.