MƏDƏNİYYƏT
Bakıda “Buta” tətbiqi sənət sərgisi açılıb
AZƏRTAC xəbər verir ki, sərgidə üzərində buta təsviri olan əsərlər, müxtəlif aksessuarlar, yumşaq oyuncaqlar, tablolar, dekorativ sabun, şokolad heykəlciklər, kuklalar, ağacdan kəsilmiş fiqurlar və s. nümayiş etdirilir.
Sərginin təşkilatçılarından biri – dizayner-modelyer Ella Bağırova AZƏRTAC-a müsahibəsində bildirib ki, tətbiqi sənət Azərbaycanda, xüsusən, qadınlar arasında geniş yayılıb. O deyib: “Biz tətbiqi sənətsevərlər bir-birimiz ilə sıx əlaqə saxlayır, yaradıcılıq ideyalarımızı bölüşürük. Bu, mənim təşkilatçılığım ilə keçirilən sayca dördüncü sərgidir. Hər dəfə də iştirakçıların sayı artır. Burada həm peşəkarların, həm də yenicə başlayan ustaların əsərləri təqdim olunur. Bizim gələcək üçün böyük planlarımız var, iştirakçılar arasında mükafat və nominasiyalar təsis etmək istəyirik. Mən incəsənətin bu növü ilə 1993-cü ildən məşğulam və əminliklə deyə bilərəm ki, Azərbaycanda onun inkişafı üçün böyük perspektivlər mövcuddur”.
E.Bağırova vurğulayıb ki, Lalə Məmmədəlizadə və Vəfa Cəfərova da sərginin təşkilatçılarıdır.
Tətbiqi sənət ustalarının əsərləri sərginin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.