SİYASƏT


Bakıda Meksikanın milli bayramı qeyd edilib

Bakı, 15 sentyabr, AZƏRTAC 

Meksikanın Azərbaycandakı səfirliyi sentyabrın 15-də ölkənin milli bayramı - Müstəqillik gününü qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra bu yaxınlarda Meksikada baş vermiş zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Xuan Rodrigo Labardini Flores hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Meksika xalqına və Prezident Penya Nietoya göndərdiyi başsağlığına görə təşəkkürünü bildirib.

Diplomat ölkələrimiz arasındakı münasibətin inkişaf etdiyini bildirib. O, Meksikadan gələn mütəxəssislərin Azərbaycanın neft sahəsində fəaliyyət göstərən təhsil ocaqlarında, tədqiqat müəssisələrində olduqlarının bildirib.

Səfir iki ölkə arasındakı ticari əlaqələrə də toxunaraq son üç ildə bu sahədə xeyli inkişafın əldə olunduğunu bildirib, gələcəkdə Meksika ilə Azərbaycan arasında ticarət dövriyyəsinin daha da artacağına inamını ifadə edib.

Diplomat ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində də əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin idarə rəisi Anar Canəhmədov milli bayram münasibətilə Meksika xalqını təbrik edib. O, Azərbaycan-Meksika münasibətlərinin inkişafının əhəmiyyətini qeyd edib.

Meksika Senatında Xocalı soyqırımının tanınması ilə bağlı sənədin qəbul edildiyini xatırladan Anar Canəhmədov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.