MƏDƏNİYYƏT
Bakıda Özbəkistanın turizm potensialının təqdimatı keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
Bakıda Özbəkistanın turizm potensialının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Assosiasiyasının (AZTA), ölkənin turizm şirkətlərinin nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.
Özbəkistanda turizmin inkişafına yönəlmiş beşillik fəaliyyət strategiyası, həmçinin 2018-2019-cu illər üçün təxirəsalınmaz tədbirlər proqramı çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verilib.
Tədbir iştirakçılarının diqqəti Özbəkistanda turizm infrastrukturunun yaxşılaşdırılması və əcnəbi qonaqlar üçün əlverişli şərait yaradılması məsələlərinin həllinin gedişinə yönəldilib. Elektron viza sisteminin tətbiqi, turizm məhsullarının şaxələndirilməsi, öyrədici-tanışlıq xarakterli tədbirlərin genişləndirilməsi, sahə mütəxəssislərinin hazırlanması və onların ixtisas səviyyəsinin artırılması barədə məlumat verilib.
Turizm sahəsinə investisiyaların cəlb edilməsi üzrə ünvanlı proqramlar, “Çarvak” azad turizm zonası, bu sahədə layihələrin həyata keçirilməsində iştirak edən əcnəbi səramayədarlar üçün güzəştlər və preferensiyalar haqda məlumat verilib.
Azərbaycan turizm sənayesinin nümayəndələri Özbəkistanın tarixi şəhərlərinə ziyarət turizminin inkişafı üzrə görülən işlər barədə məlumatlandırılıb.