İQTİSADİYYAT
Bakıda “VALUExCaspian Azerbaijan” investisiya konfransı keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
ABŞ və beynəlxalq aləmdə tanınan qlobal investorların iştirakı ilə Bakıda "VALUExCaspian Azerbaijan" investisiya konfransı keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilatçısı "Robotti Qlobal Fund"un rəhbəri Ayzek Şvarts Azərbaycanın əlverişli coğrafi və geosiyasi yerləşməsini və Yeni İpək Yolu üzərində mərkəzi qovşaq rolunu nəzərə alaraq, ölkəmizdə xarici investisiyalar üçün bütün zəruri elementlərin olduğunu və bu səbəbdən ölkəmizdəki şərtlərlə tanış olmaq istədiklərini vurğulayıb. O, dünya iqtisadiyyatında artımın ümumi zəifləməsi fonunda qlobal investorların yeni bazarlara nəzər saldıqlarını və bu anlamda Azərbaycanın gözəl nümunə olduğunu deyib.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda əlverişli biznes mühiti, modern infrastruktur, dövlət təşviqləri, özəlləşdirmə perspektivləri və aydın strateji xəttin olması sərmayə cəlbi üçün əlverişli zəmindir: "İctimai-siyasi, sosial və makroiqtisadi sabitlik, “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin kəsişməsində əlverişli mövqe, ucuz və kvalifikasiyalı əmək qüvvəsi və bazarlara azad ticarət sazişlərilə çıxış imkanları mövcuddur. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Azərbaycanda iqtisadi artım tempi MDB məkanından 1,5 dəfə çox olmaqla dayanıqlılığını qoruyacaq. Artan iqtisadi aktivlik, genişlənən bazar, davamlı iqtisadi artım, tədiyyə və icmal balansların dayanıqlılığı və post-neft dövrünün artım drayverlərinin müəyyənləşməsi investorlar üçün müsbət siqnallardır. Ən əsası isə Prezident İlham Əliyev iqtisadi inkişafın məhz özəl sərmayələrin cəlbilə təmin edilməsini prioritet kimi müəyyənləşdirib. Son 15 ildə Azərbaycan 250 milyard ABŞ dolları məbləğində sərmayə cəlb edib və hər nəfərə düşən sərmayə həcminə görə regionun lideri olan Azərbaycanda indiyədək xarici investorlar hər hansı ciddi çətinliklə üzləşməyib. Ölkəmizdə davam edən struktur, biznes, məhkəmə-hüquq, səhiyyə və təhsil islahatları, infrastrukturun modernləşməsi və xarici sərmayələr üçün açıq qapı siyasəti investorların maraqlarına xidmət edir".
Konfransda ABŞ, Türkiyə, Böyük Britaniya, Çin, İsrail, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və başqa ölkələrdən olan sərmayədarlar Azərbaycanda əlverişli biznes mühitdən yararlanaraq investisiya qoyuluşlarını müzakirə edəcək.
"VALUExCaspian Azerbaijan" investisiya konfransının ənənəvi formata çevrilməsi planlaşdırılır.