ELM VƏ TƏHSİL
Bakıda Xəzər Bölgəsinin Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun ümumi iclası və seminarları başa çatıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilmiş Xəzər dənizi regionuna aid beynəlxalq layihələrin reallaşdırılması məqsədilə yaradılmış Xəzər Bölgəsinin Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun (IWG SDCSR) ümumi iclası və seminarları sentyabrın 18-də başa çatıb. İclas “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfransın davamı olaraq təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsinin məqsədi mövcud problemlərin həlli yollarının araşdırılması, Xəzər regionunda regional səviyyədə qərar qəbuletmə sisteminin inkişafına kömək etmək və bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsini genişləndirmək olub.
“Xəzər dənizi ərazisinin dayanaqlı inkişafı üçün ətraf mühit və antropogen təhlükəsizliyinin qiymətləndirilməsi” layihələri üzrə keçirilən beynəlxalq seminarlarda Türkiyə, Avstraliya, ABŞ, Almaniya, Çili, İran, İtaliya, Rusiya, Qazaxıstan, Koreya və digər ölkələrdən 50 alim və mütəxəssis iştirak edib.
Tədbirin ilk günü tələbələr və gənc tədqiqatçılar üçün “Su dövrü monitorinqi üçün peyk texnikasının ümumi təqdimatı” mövzusunda təlim kursu keçirilib.
Beş gün davam edən tədbirdə elmi məruzələr dinlənilərək müzakirə olunub, seminar və treninqlər, “dəyirmi masa”lar keçirilib, diskussiyalar aparılıb.
Bağlanış mərasimində çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov görülən işlərin müsbət nəticə verəcəyinə əminliyini bildirib.