ELM VƏ TƏHSİL
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Böyük həcmli verilənlərin biznes dəyərə çevrilməsi” şüarı ilə keçirilən forum “ADA” Universitetinin Data Analizi üzrə Tədqiqat Mərkəzinin təşkilatçılığı, IEEE Kompüter və Kommunikasiya cəmiyyətlərinin və ACM Azərbaycan şöbələrinin texniki dəstəyi ilə reallaşıb.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi cəmiyyətdə böyük həcmli verilənlərin (Big Data) yaratdığı yeni imkanlar və çətinliklər haqqında məlumatları daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaqdır. Eyni zamanda, məqsəd tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və verilənlər elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir. Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini deyən prorektor bu istiqamətdə Data Analizi üzrə Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. F.İsmayılzadə mərkəzin ölkəmizdə mötəbər bir quruma çevrildiyini diqqətə çatdırıb.
Təmsil etdiyi fakültənin fəaliyyəti barədə məlumat verən “ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı vəzifəsini icra edən Araz Yusubov bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi bu ali məktəb üçün prioritetdir.
“Big Data Day” Baku 2018” forumunun sədri Abzetdin Adamov qeyd edib ki, geniş istifadə olunan internet servisləri, Veb və mobil tətbiqlər və mobil rabitə bir çox ehtiyaclarımızı qarşılamaqla yanaşı iri həcmlərdə xam məlumatın yaranmasına böyük təkan verir. Baxmayaraq kı, müasir kompüterlərin güclü hesab edildiyi bir dövrdə yaşayırıq, biznes və dövlət orqanları bu cür nəhəng verilənləri informasiya olaraq idarə etmək, analiz və vizuallaşdırmaq kimi böyük çətinliklərlə qarşılaşır. Bu verilənlərin 90 faizindən çoxu struktursuzdur, yəni bu cür məlumatlar üçün əvvəlcədən təyin edilmiş hər hansı struktur və model yoxdur. Verilənlər təhlili (Data Mining), verilənlər çıxardılması (Data Extraction) və qabaqcıl verilənlər analitik texnologiyaları tətbiq edilmədikdə, iri həcmli məlumatlar faydasız yaddaş olaraq görünür. Əgər verilənlər emal olunub başa düşülürsə, bu, fəaliyyəti daha da artırır.
Tədbirdə böyük həcmli verilənlərin sahəsində tanınmış tədqiqatçılar, qlobal və yerli şirkətlərin ekspertləri məruzələrlə çıxış ediblər.