İQTİSADİYYAT


Bakıda enerji bazarının konsepsiyası, dizaynı və idarə edilməsinə dair seminar işə başlayıb

Bakı, 14 yanvar, AZƏRTAC

Energetika Nazirliyi və beynəlxalq ekspertlərin iştirakı ilə Texniki yardım və Məlumat mübadiləsi (TAIEX) aləti çərçivəsində enerji bazarının konsepsiyası, dizaynı və idarə edilməsi ilə bağlı seminar öz işinə başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək seminarın keçirilməsində məqsəd enerji bazarında islahatlar, milli elektrik enerjisi və qaz bazarlarının yaradılması üzrə Avropa İttifaqı ölkələrinin təcrübəsinin öyrənilməsindən ibarətdir.

Energetika nazirinin müavini Elnur Soltanov enerji təhlükəsizliyinin mühüm elementləri kimi ətraf mühitə təsirlərin azaldılması və istehlakçıların sərfəli qiymətə enerji resurslarına çıxışının təmin edilməsində bazar münasibətlərinin rolundan danışıb. Enerji bazarının yaradılması, tənzimləmə mexanizminin formalaşdırılması kimi məsələlərin ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapdığını qeyd edib.

Nazirliyin aparat rəhbəri Zaur Məmmədov isə energetika sektorunda yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində görülən işlərdən danışıb.

Sonra Azərbaycanın elektrik enerjisi və qaz sektorlarının mövcud vəziyyətinə dair təqdimatlar edilib. Elektrik enerjisi istehsalı, qaz hasilatı, paylama sektorlarının strukturu və mülkiyyəti, elektroenergetika və qaz sektorları arasında əlaqə təhlil olunub. Tədbir TAIEX ekspertləri Rozeta Karova, Tom Maes və Mart Otsun enerji sektorunda islahatların əsas mərhələləri, enerji sahəsində fəaliyyətlərin effektiv bölgüsü, eləcə də Milli Tənzimləmə Qurumunun vəzifə və səlahiyyətləri ilə bağlı Avropa təcrübəsinə dair çıxışları ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.