İQTİSADİYYAT
Bakıda intellektual nəqliyyat sisteminə dair seminar keçirilir
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə "İntellektual nəqliyyat sistemi" adlı ikigünlük praktiki seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, seminarda MDB ölkələrinin mərkəzi icra hakimiyyəti və tənzimləyici orqanları, telekommunikasiya operatorları, avadanlıq və proqram təminatı istehsalçıları, elmi-tədqiqat və layihə institutları və digər əlaqədar təşkilatlarının nümayəndələri iştirak edirlər.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə son dövrlərdə nəqliyyat sistemində görülən işlər, beynəlxalq standartlara uyğun həyata keçirilən layihələr, eləcə də intellektual nəqliyyat sistemində beynəlxalq əməkdaşlıqdan danışıb. Qeyd edib ki, tədbirin təşkilində məqsəd intellektual nəqliyyat sisteminin inkişafı problemlərini müzakirə etmək, sahə üzrə müasir tendensiyaları müəyyənləşdirmək, iştirakçı ölkələrlə Azərbaycan təcrübəsini bölüşmək və əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Seminar çərçivəsində 4 sessiya və bir dəyirmi masanın təşkili nəzərdə tutulub. Seminarın ilk günü "İntellektual nəqliyyat sistemində strateji aspektlər" və "Beynəlxalq əməkdaşlıq və beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün İKT-nin uğurlu istifadəsi" sessiyaları keçirilib.
Qazaxıstanın Mühəndislik və İqtisadiyyat Universitetinin nümayəndəsi Almaz Orazalin "Qazaxıstanın intellektual nəqliyyat sistemi", Ukraynanın Telekommunikasiya və Qlobal İnformasiya Məkanı İnstitutunun təmsilçisi Kirill Qulyayev "Sərnişin və texnoloji nəqliyyatın vahid dispetçer mərkəzi", Ukrayna Şəbəkə İnformasiya Mərkəzinin baş direktoru Yuri Karqapolov "Nəqliyyat sistemində rəqəmli obyektlərin 5G/LTE şəbəkəsi əsasında identifikasiyasının idarə olunması", ABŞ-ın "Intel" korporasiyasının qlobal ictimai siyasət üzrə meneceri Turxan Muluk "İntellektual nəqliyyat sistemi üçün yeni texnologiyaların əhəmiyyəti", "Nokia" şirkətinin Rusiya bölməsinin hökumət təşkilatları ilə iş departamentinin (Şərqi Avropa/MDB və Türkiyə) rəhbəri Yevgeni Maxortov "C-V2X: 5G-yə yol" adlı məruzələrlə çıxış ediblər.
Aprelin 17-də seminar işini "İntellektual nəqliyyat sistemində texniki məsələlər" və "Normativ-hüquqi suallar" sessiyaları ilə davam etdirəcək. Seminarın ikinci günü Beynəlxalq Telekommunikasiya İttifaqının ITU-T tədqiqat komissiyası departamentinin rəhbəri Bilel Camussi "İntellektual nəqliyyat sistemi istiqaməti üzrə ITU-T-nin fəaliyyəti" məruzəsini və Belarusun "Qiprosvyaz" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Anastasiya Laqutik "Ağıllı dayanıqlı şəhərlər: texnoloji trendlər, nailiyyətlər və gələcək perspektivlər üzrə ITU-UN-Habitat-UNDP forumunun açar mesajları" məruzəsini təqdim edəcək. Sessiyalarda müvafiq olaraq intellektual ictimai nəqliyyat sisteminin strateji inkişafında dövlətin rolu, sahə standartları, yeni nəsil intellektual sistemləri və onların inkişafında beynəlxalq tendensiyalar, intellektual nəqliyyat sisteminin inkişafı üçün üzv dövlətlərin İKT-dən istifadə təcrübəsi, eləcə də ödəmə sistemlərinin quruluşu, ictimai nəqliyyatın idarəetməsi üçün innovativ texnoloji məsələlər, nəqliyyat sisteminin yoxlanışı və idarəetməsi, ictimai nəqliyyatda intellektual sistemin tətbiqi və sahə üzrə normativ hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Dəyirmi masada intellektual nəqliyyat sisteminin inkişafında İKT-nin tətbiqi məsələləri müzakirə predmeti olacaq.