CƏMİYYƏT


Bakıda qadına qarşı quldurluq edən qardaşlar saxlanılıblar VİDEO

Bakı, 2 may, AZƏRTAC 

Binəqədi rayonu A.Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini X.Əhmədovaya qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxslər qadına binanın girişində hücum edərək onu bıçaqla qorxudub boynundakı qızıl boyunbağısını ələ keçiriblər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəyə çevik reaksiya verilib. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar qadını paytaxtda yerləşən iri ticarət mərkəzlərindən birində gördükdən sonra onu izləməyə başlayıblar. Binəqədi rayonu ərazisində isə ona quldur basqını edərək qızıl boyunbağısını ələ keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Ruslan və Nurlan Həsənzadələr barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.