CƏMİYYƏT
Bakının Nəsimi rayonunda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakının Nəsimi rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun, Vətən müharibəsi şəhidləri Teymur Həsənovun və Aqşin Novruzovun anım tədbirləri keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə iştirak edən Milli Məclis sədrinin müavini Adil Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin ailə üzvləri ilə birlikdə ərazi bütövlüyümüz uğrunda son damla qanına qədər döyüşmüş və qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyiblər.
Adil Əliyev Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun və döyüş yoldaşlarının qəhrəmanlığının gənclərimizə örnək olduğunu qeyd edərək Vətən müharibəsində Teymur Həsənov və Aqşin Novruzov kimi igidlərimizin də öz cəbhə yoldaşları ilə bərabər Vətən uğrunda ən şirin nemət olan canlarından keçdiklərini diqqətə çatdırıb.
Vurğulanıb ki, məhz belə qəhrəmanlarımızın şücaəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədə və diplomatik müstəvidə göstərdiyi qətiyyətli mövqe hesabına tarixi Azərbaycan torpaqları işğaldan azad olunaraq əsl sahiblərinə qaytarılıb.