ELM VƏ TƏHSİL
Bakının ümumi təhsil məktəblərinin kitabxana işçiləri müsahibəyə cəlb olunublar
Bakı, 16 dekabr, AZƏRTAC
Paytaxtın ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr təşkil olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən müsahibələrin məqsədi kitabxana işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq ehtiyaclar əsasında qruplar üzrə təlimlərin keçirilməsi və kitabxana işçilərinin əlaqələndirilməsi yolu ilə müştərək layihələrin reallaşdırılmasıdır.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, artıq paytaxtın yeddi inzibati rayonu üzrə üç yüz kitabxana işçisinin müsahibəsi yekunlaşıb. İlin sonunadək digər rayonlardakı ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr də yekunlaşacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək layihələr doqquz fəaliyyət istiqamətini əhatə edir. Ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr “Mütaliə və ünsiyyət” fəaliyyət istiqaməti çərçivəsində həyata keçirilir.