CƏMİYYƏT
Balakən Gənclər evində lazımi avadanlıqla təchiz edilmiş kompüter və rəqs zalları istifadəyə verilib
Bakı, 27 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının maliyyələşdirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində ölkə ərazisindəki Gənclər evlərini dəstəkləməkdə davam edir.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Balakən rayon Gənclər evində kompüter və rəqs zalları istifadəyə verilib. Layihə çərçivəsində kompüter zalı on beş nəfər üçün tədris prosesini təmin edən bir sıra informasiya texnologiyaları avadanlığı (kompüterlər, smart lövhə, proyektor və sair) ilə təchiz edilib. Rəqs zalında lazımi avadanlıq yerləşdirilib. Hər iki zal artıq Balakən gənclərinin istifadəsinə verilib.
Ötən ilin sentyabr-dekabr aylarında istifadəyə verilmiş bu iki zalın göstərdiyi xidmətlərdən ümumilikdə 154 nəfər faydalanıb. Xidmətlərdən faydalananların 114-i (74 faiz) 15-35 yaşarası gənclər olub. Ötən ilin iyul-dekabr aylarında Balakən Gənclər evinin rəqs və İT zallarından faydalananların sayı 398-ə çatıb.
BMqT tərəfindən 2018-ci ilin sentyabrından Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin məqsədi yerli icmaların qarşılaşdığı müxtəlif sosial-iqtisadi çətinliklərə qarşı onların dayanıqlılığını gücləndirməkdir.