REGİONLAR
Balakəndə bir gecədə 2 mağazanı qarət edən şəxs saxlanılıb VİDEO
Balakən, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən, ümumilikdə, 1100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. “İsti izlər”lə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edib və oğurladıqları onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.