REGİONLAR
Balakəndə rekord miqdarda qarğıdalı istehsal olunmuşdur
Balakən, 26 noyabr (AZƏRTAC). Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımı müvəffəqiyyətlə başa çatmışdır. Bu il rayonda rekord miqdarda - 42 min ton dən qarğıdalı istehsal olunmuşdur. Məhsul istehsalı əvvəlki ilə nisbətən 1000 ton çoxdur. Hər hektardan məhsuldarlıq orta hesabla 59,5 sentner olmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ümumiyyətlə, son illər balakənli fermerlərin bu gəlirli sahəyə marağı xeyli artmışdır. Təsadüfi deyildir ki, cari ildə rayonda qarğıdalı bitkisinin əkin sahələri əvvəlki ilə nisbətən 618 hektar genişləndirilərək 7 min 60 hektara çatdırılmışdır. Tədarük olunmuş məhsulu satış üçün əsasən respublikanın daxili bazarlarına göndərilir.
Rayonda bitkiçilik məhsullarının yığımı əsasən başa çatsa da, meyvə bağlarında məhsul yığımı hələlik davam edir.
Bu günədək rayonda 26,5 min ton meyvə yığılmışdır.