REGİONLAR
Balakənin Talalar kənd uşaq bağçası təmirdən sonra istifadəyə verilib
Balakən, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun Talalar kəndindəki uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən balacaların istifadəsinə verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təkcə son bir neçə ildə rayonda 5 yeni uşaq bağçası tikilib, 3 bağça əsaslı təmir olunub.
Dövlət vəsaiti hesabına təmir olunan 75 yerlik Talalar kənd uşaq bağçasında 4 qrup fəaliyyət göstərir. Müəssisədə 22 tərbiyəçi-müəllim və texniki işçi çalışır. Bağçada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Bağçanın dəhlizləri, yataq və məşğələ otaqları yenilənib, həyətdə abadlıq işləri aparılıb.
Qeyd edək ki, təhsil ilinin başlanması pandemiya dövrünə təsadüf etdiyindən rayonun bütün uşaq bağçalarında təmizlik, dezinfeksiya və tibbi-profilaktik işlər görülüb. Uşaq bağçaları gigiyenik və dezinfeksiyaedici vasitələrlə, hərarətölçən cihazlarla təmin olunub.