DÜNYA


Balaton gölü macarların sevimli istirahət məkanı olaraq qalır

Budapeşt, 6 sentyabr, AZƏRTAC

Bu yaxınlarda keçirilmiş rəy sorğusunun nəticələrinə görə, Balaton gölü macarların sevimli istirahət məkanı olaraq qalır. Onların çoxu bu məkana təkcə yayda deyil, qışda da istirahətə gəlir.

AZƏRTAC xəbər verir ki, kupon assosiasiyası və bazarın öyrənilməsi təşkilatı macarların Balaton gölünə münasibəti ilə bağlı rəy sorğusu keçiriblər. Mətbuat üçün açıqlamada qeyd olunur ki, respondentlərin üçdəbiri “macar gölünə” hər il getmədiklərini bildiriblər.

Balaton gənc nəsil üçün daha cəlbedicidir: sorğuda iştirak edənlərin 27 faizi gölə ildə bir dəfə getdiklərini bildirib, 25-29 yaş arası şəxslərdə isə bu göstərici 36 faiz təşkil edib. Respondentlərin daha 17 faizi deyib ki, ildə azı iki dəfə Balatona gedirlər.

Maraqlıdır ki, əvvəllər Balaton gölünə təşkil olunan ikihəftəlik tətillər günümüzdə daha az yayılıb. Belə ki, macarlar gölə daha qısamüddətli istirahətə getməyi üstün tuturlar. Respondentlərin əksəriyyəti (44 faizi) bu məkanda cəmi bir neçə gün, üçdəbirindən çoxu isə bir həftə keçirdiklərini bildiriblər. 25-29 yaş arası macarların çoxu isə Balatona yalnız istirahət günləri gəlir.

Balaton təkcə yay aylarında istirahətə gələnləri cəlb etmir. Respondentlərin 21 faizi bildirib ki, onlar qışda da gölə gəlirlər.

Səyahət turlarının səbəblərinə gəldikdə, gənc macarlar (18-29 yaş arası) Balatona festivallarda, yaşlılar isə qastronomik tədbirlərdə iştirak etmək üçün can atırlar. Gölün ətrafında ən populyar məkanlar Şiofok şəhəri və cənub sahilində onun ətraf yerləri, daha sonra şimal sahilindəki Tixan və Balatonfüreddir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.